Fevral ayında fermerler Baş kələm və Kələmin az yayılan növləri haqqında nəyi bilməlidir
Baş kələm aşağıdakı inkişaf fazalarını keçirir: şitil, ehtiyat qida toplanması, nisbi sükunət özəkləmə, qönçələmə, çiçəkləmə, meyvə bağlama, toxumun yetişməsi. Payızlıq kələm əkinində aqrotexniki qulluq işləri davam etdirilir: bitki və cərgəaraları yumşaldılır, alaq otlarına qarşı mübarizə tədbirləri aparılır. Toxumluq üçün payızdan öz yerində saxlanılmış bitkilərə müvafiq aqrotexniki tədbirlər: bitki və cərgə aralarının yumşaldılması, alaq otlarına qarşı mübarizə və s. həyata keçirilir. Bu ayda əsas şum aparılan sahə təkrar kultivasiya edilir, mala çəkilir, alaqdan təmizlənir və yumşaq halda saxlanır. Kələm əkiləcək sahənin torpağı yüngül, strukturlu və alaqsız olmalıdır. Əgər əkiləcək kələm üçün ayrılan əkin yeri həmin ildə başqa bitkilərin altından cixibsa, hǝmin bitkilərin qalıqları sahədən təmizlənib kənar edilir. Gül kələmin, brokkolinin, kolrabinin, qırmızıbaş kələmin tarla da qalan əmtəəlik məhsulları yığilır. Qırmızıbaş kələmin şitillərinə qulluq edilməsi davam etdirilir, yemləmə, alaqların təmizlənməsi. Bitkilərin dibinin yumşaldılması və s. əməliyyatlar yerinə vetirilir. Qırmızıbaş kələmin şitillərinin əkini üçün sahələr seçilir, alaq otlarından, bitki qalıqlarından təmizlənir, hər hektara 30-40 t peyin, 250-350 kq superfosfat, 100-150 kq kalium gübrəsi verilərək 25-30 sm dərinlikdə şumlanır. Şumlanmış sahələr dişli mala ilə malalanıb hamarlanır.