Nazir Məcnun Məmmədov “Böyük iyirmilik” ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin Toplantısında iştirak edib
Braziliyanın Kuyaba şəhərində “Böyük iyirmilik” (G20) ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin Toplantısı keçirilib. 23 ölkədən kənd təsərrüfatı nazirinin iştirak etdiyi mötəbər beynəlxalq tədbirdə Azərbaycanı kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Toplantıda müxtəlif ölkələrin dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatların nümayəndələri, aqrar sahədə çalışan mütəxəssislər və ekspertlər də iştirak edib.
Braziliyanın ilk dəfə ev sahibliyi etdiyi tədbirin əsas məqsədi dayanıqlı kənd təsərrüfatının qurulması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və aclıqla mübarizə tədbirlərini müzakirə etməkdir.
Tədbiri giriş sözü ilə açan Braziliyanın kənd təsərrüfatı və heyvandarlıq naziri Karlos Favaro bildirib ki, qlobal iqlim dəyişikliyi fonunda kənd təsərrüfatının inklüziv və dayanıqlı inkişafının təmin olunması əsas hədəflərdən birinə çevrilib. O qeyd edib ki, aqrar sahədə istehsalın artırılması və aclıqla effektiv mübarizə tədbirləri qlobal səviyyədə mütəmadi əməkdaşlığı zəruri edir.
Tədbirdə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, bütün dünyada biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, torpaqların deqradasiyası və su qıtlığı aqro-ərzaq sistemlərinə böyük təhdidlər yaradır. Nazir müasir çağırışlar fonunda dayanıqlı inkişafa nail olmaq üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıb. Avrasiya regionunda mühüm tranzit və logistika mərkəzi olan Azərbaycanda həyata keçirilən layihələrin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri arasında mühüm ticarət körpüsü rolunu oynadığını deyən nazir Məcnun Məmmədov əlavə edib ki, bu dəhlizlər ticarət əlaqələrimizin inkişafına böyük fayda verə bilər.
Nazir Məcnun Məmmədov Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, ölkəmizin qlobal çağırışlardan irəli gələn təşəbbüslərə böyük həvəslə qoşulduğunu, beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığa önəm verdiyini vurğulayıb.
Nazirlər Toplantısında əhalinin sürətli artımı, dəyişən istehlak tələbləri, iqlim dəyişikliyi və təbii ehtiyatların tükənməsi, yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması yolu ilə ərzaq və qida təhlükəsizliyinin təmin olunması məsələlərinə toxunulub.
İki gün davam edən tədbirin sonunda G20 ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin Bəyannaməsi qəbul olunub. Bəyannamədə dayanıqlı aqro-ərzaq sistemlərinin qurulması, aqrar sahədə ailə-kəndli təsərrüfatlarının rolunun gücləndirilməsi və fəaliyyətinin genişləndirilməsinə dəstək, balıqçılıq və akvakulturanın yerli və qlobal dəyər zəncirlərinə inteqrasiyasının təşviq edilməsi, aclıq və yoxsulluğa qarşı mübarizə tədbirləri ilə bağlı çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin zəruriliyi öz əksini tapıb.