Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir

Çinin Ninsia Huy Muxtar Rayonunun paytaxtı İnçuan şəhərində Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) 47-ci Dünya Üzümçülük və Şərabçılıq Konqresi və təşkilatın 24-cü Baş Assambleyası işə başlayıb.

"Üzümçülük və şərabçılıq üzrə qlobal sektor üçün yeni paradiqmaların formalaşdırılması: çağırışlara cavab vermək məqsədilə transformasiya, canlanmanı təmin etmək üçün innovasiya və ortaq gələcəyin təməlini möhkəmləndirmək üçün dayanıqlılıq" mövzusuna həsr olunan konqres sektorun qarşılaşdığı əsas elmi, texniki və iqtisadi problemləri müzakirə etmək üçün aparıcı beynəlxalq mütəxəssisləri bir araya gətirib. Müxtəlif ölkələrdən rəsmilərin, müvafiq dövlət qurumları nümayəndələrinin, üzümçülük və şərabçılıq şirkətləri rəhbərlərinin, ekspertlərin, tədqiqatçıların iştirak etdikləri tədbirdə Azərbaycanı kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Konqres çərçivəsində dayanıqlı üzüm istehsalına yönələn inteqrasiya olunmuş yanaşmalar, texniki innovasiyalar və şərabçılığı gələcəyin tələblərinə uyğunlaşdırılması, dəyişən bazarda dayanıqlı hüquqi və iqtisadi modellər, eləcə də istehsal və istehlakın təkmilləşdirilməsi, üzümçülük və şərabçılıq zəncirində sağlamlıq və sosial dayanıqlılıq məsələləri müzakirə olunur.

Konqres və Baş Assambleyanın açılış mərasimində çıxış edən nazir Məcnun Məmmədov şərabçılığın tarixən Azərbaycan kənd təsərrüfatının mühüm sahələrindən biri olduğunu və hazırda da ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə verdiyini bildirib. Üzümçülük və şərabçılıq sektorunun sosial-iqtisadi əhəmiyyətini vurğulayan nazir bu sahənin davamlı inkişafının əsas strateji hədəflərdən biri olduğunu deyib. O, Azərbaycan şərablarının yüksək keyfiyyəti, zəngin irsi və özünəməxsus təbii xüsusiyyətləri ilə beynəlxalq bazarlarda seçildiyini diqqətə çatdırıb.

Bildirilib ki, ötən il Azərbaycanda üzüm bağlarının ümumi sahəsi 14,9 min hektara çatıb, şərab istehsalı üçün nəzərdə tutulan üzüm sortları isə əkinlərin 37 faizini təşkil edib. Hesabat dövründə ölkədə 210,9 min ton üzüm və 684 min dekalitr şərab istehsal olunub, 155 min dekalitr şərab ixrac edilib. Azərbaycanın əsas şərab ixracı bazarları Rusiya, Türkiyə və Belarus olub.

Nazir üzümçülük və şərabçılığın inkişafı istiqamətində qarşıda duran strateji hədəflər sırasında mövcud infrastrukturun modernləşdirilməsini və kiçikmiqyaslı şərab istehsalı müəssisələrinin yaradılmasını xüsusi vurğulayıb.

Qeyd olunub ki, Azərbaycanda üzümçülük sektorunun səmərəliliyinin, rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının artırılması məqsədilə iqlim dəyişikliklərinə uyğunlaşma, suya qənaət edən suvarma sistemlərinin tətbiqi və “ağıllı kənd təsərrüfatı” texnologiyalarının inkişafı istiqamətində güzəştli və məqsədli maliyyələşdirmə imkanları yaradılır. Nazir Məcnun Məmmədov strateji hədəflərə nail olunmasında beynəlxalq əməkdaşlığın gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı Azərbaycan üçün etibarlı tərəfdaşdır və ölkəmiz qurumla əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Beş gün davam edəcək konqres çərçivəsində sərgilərin, tanışlıq tədbirlərinin və paralel texniki sessiyaların keçirilməsi, eləcə də sənaye obyektlərinə səfərlərin təşkili nəzərdə tutulur.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Çinin media nümayəndələrinə müsahibə verib. Müsahibə zamanı Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, müasir aqrotexnologiyaların tətbiqi və aqrar məhsulların ticarət əlaqələrinin inkişafı, eləcə də Azərbaycanda aqrar sahəyə dair 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas hədəf və prioritetləri barədə danışılıb. Nazir Dövlət Proqramının aqrar sahədə istehsalın və rəqabətqabiliyyətliliyin artırılması, innovasiyaların təşviqi və sektorun dayanıqlı inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC