Son xəbərlər

31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Aqroservis ASC və Dövlət Toxum Fondu 31 Mart - Azərbaycanlıların soyqırımının 104-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirib. Tədbirdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman oğul və qızlarımızın, eləcə də soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Aqroservis ASC-nin sədr müavini Mahir Məlikov bildirib ki, tarixən erməni şovinistləri tərəfindən xalqımıza qarşı etnik təmizləmə, soyqırımı siyasəti həyata keçirilib. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı növbəti soyqırımı aktını gerçəkləşdirib. Nəticədə rəsmi mənbələrə əsasən, on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran qoyulub.

Aqroservis ASC-nin sədr müşaviri İsrafil İsmayılov diqqətə çatdırıb ki, erməni silahlı dəstələrinin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb. Bu Fərman həm də gələcək nəsillərin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir. Bundan başqa Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb.

Daha sonra çıxış edən Dövlət Toxum Fondunun sədr müavini Etibar Əmrahov bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı Ordumuzun rəşadəti ilə Vətən müharibəsində qazandığımız Qələbə düşmənə verilən layiqli tarixi dərsdir. O, gənc nəslə soyqırımı qurbanlarınının, hər iki Qarabağ müharibəsi şəhidlərinin xatirəsini daim əziz tutmağı və tarix boyu bədnam qonşularımızın başımıza gətirdikləri faciələrdən ibrət almağı tövsiyə edib

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC